Orqan donorluğuna həsr olunan maarifləndirici tədbir və ürək transplantasiyası kursu keçirilib
Azərbaycan Tibb Universitetində (ATU) “Ürək transplantasiyası həftəsi” çərçivəsində tələbələr, rezidentlər və gənc həkimlər üçün orqan donorluğuna həsr olunan maarifləndirici tədbir və ürək transplantasiyası üzrə praktik kurs təşkil edilib.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə orqan donorluğunun əhəmiyyəti, ölkəmizdə transplantasiya sahəsində əldə olunan nailiyyətlər və inkişaf perspektivləri müzakirə edilib.
“İnsanların yaşamaq şansı sənin əlindədir!” devizi altında keçirilən tədbirin açılışında ATU-nun elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan çıxış edərək təşəbbüsün əhəmiyyətini vurğulayıb.
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova ölkəmizdə orqan donorluğu və transplantasiya sisteminin inkişafı, qanunvericilik bazası və gözləmə siyahısının vahid informasiya sistemi üzərindən aparılması barədə ətraflı məlumat verib.
Çıxışda Amerika Nevrologiya Akademiyasının 2023-cü il beynəlxalq konsensus təlimatına da toxunulub. Bildirilib ki, sənəd beyin ölümünün müəyyənləşdirilməsində vahid yanaşmanı və ECMO, temperatur nəzarəti, dərman və metabolik amillərlə bağlı əlavə tövsiyələri əhatə edir.
Beyin ölümünün düzgün müəyyənləşdirilməsinin orqan donorluğu və transplantasiya prosesində mühüm rol oynadığını vurğulayan Mərkəz sədri Yeganə Abbasova tibbi biliklərin artırılması, beynəlxalq təcrübənin tətbiqi və mütəxəssislərarası koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev ötən ilin oktyabrından Mərkəzi Klinikada dörd ürək transplantasiyası əməliyyatının həyata keçirildiyini bildirib. Transplantasiya proqramında orqan donorluğu və beyin ölümü diaqnozunun vaxtında müəyyənləşdirilməsinin rolunu vurğulayan professor 1500-dən çox xəstənin orqan transplantasiyasını gözlədiyini qeyd edərək gəncləri donorluğun təşviqinə çağırıb.
İlahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov orqan donorluğunun dini və mənəvi aspektlərindən, insan həyatının xilas edilməsinin əhəmiyyətindən bəhs edib.
Səhiyyə Nazirliyi ODTKM İdarə Heyəti sədrinin müavini Günay Abbasova orqan donorluğu, donor olmaq qaydaları, transplantasiya prosesinin mərhələləri və cəmiyyətdə mövcud olan yanlış təsəvvürlər barədə məlumat verib.
Günay Abbasova ölümündən sonra könüllü donor olmaq istəyən şəxslərin sayında artım müşahidə olunduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, 18 yaşına çatmış hər bir şəxs ölümündən sonra könüllü donor olmaqla bağlı sərbəst qərar vermək hüququna malikdir.
Maarifləndirici görüşün ardınca gənc həkimlər və rezidentlər üçün heyvan ürəkləri üzərində praktik transplantasiya kursu keçirilib.
Kursa professor Kamran Musayev, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Ramil Əliyev, həmçinin Böyük Britaniyada uzun illər fəaliyyət göstərmiş, ürək transplantasiyası üzrə beynəlxalq səviyyədə tanınmış mütəxəssis professor Asghar Khagani qatılıb.
Tədbirin əsas məqsədi gənc tibb mütəxəssislərinin peşəkar inkişafına dəstək göstərmək, transplantasiya sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də cəmiyyətdə orqan donorluğu ilə bağlı maarifləndirməni təşviq etmək olub.